14.09.2011

Əliyev Türkiyəyə yalançı və satqın deyib

«Bizim münasibətlərimiz əvvəlki kimi olmayacaq, biz artıq bir xalq deyilik və heç vaxt olmayacağıq»
Azərbaycan-Türkiyə münasibətlərində böhran Türkiyənin Bakıdakı səfiri Hulusi Kılıçın 5 aprel 2009-cu il bazar günü amerikalı həmkarı Enn Dersiyə “çox həyəcanlı” zənginə səbəb olub. Bu barədə aprelin 7-də ABŞ səfiri Vaşinqtona məxfi məktubunda yazıb. Məktub “Wikileaks” saytı tərəfindən dərc olunub. Türkiyə səfiri ABŞ-dan rəsmi Bakını Ermənistan-Türkiyə sərhədi açıldıqdan sonra Ermənistanın Qarabağ nizamlanması üzrə danışıqları davam etdirəcəyinə inandırmağı xahiş edib.
Hulusi Kılıç qeyd edib ki, Azərbaycan hökuməti ona açıq-aşkar bildirib ki, Türkiyə sərhədlərin açılması üçün Bakının razılığını istəyirsə, Ermənistandan təməl prinsiplərin qəbulunu tələb etməlidir.
Ilham Əliyevin Istanbul sammitinə getməkdən imtina etməsini Kılıç iki ölkə arasında artan qarşıdurmanın əlaməti və Azərbaycanın müstəqilliyi dövründə ən dərin böhran kimi qiymətləndirib. Daha sonra o, deyib ki, prezident Obamanın şəxsi müdaxiləsi Bakı və Ankara arasında münasibətlərin tamamilə pisləşməsinin qarşısını ala bilər.
“Biz Ermənistanla problemi həll etmək istəyirik, amma Azərbaycanı itirmək hesabına yox. Balans tapmalıyıq”, - deyə Kılıç qeyd edib.
O bildirib ki, Ilham Əliyev prezident Obamanın, ondan daha əvvəl isə dövlət katibi Klintonun zəng etməsinə baxmayaraq, Istanbula getməkdən imtina edib. Bundan başqa, baş nazir Ərdoğan, daha öncə isə prezident Abdulla Gül ona zəng etmişdi. Lakin Türkiyənin Qarabağ məsələsi həll olunmadan sərhədləri açmayacağına dair bütün təminatlar Əliyevi fikrini dəyişməyə və Istanbula gəlməyə razı salmayıb.
Kılıç Azərbaycan mətbuatının, habelə Azərbaycan parlamentindən müxalifətə qədər bütün səviyyələrdə kəskin reaksiyadan narahat olmuşdu. Bundan başqa, Bakıda yaşayan türk vətəndaşları yerli əhali tərəfindən onlara qarşı mənfi münasibət olmasından gileylənirlər.
Kılıç, həmçinin qeyd edib ki, Rusiya, Iran və Ermənistan özü Türkiyəni barışığa tərəf itələyir. Onlar Tehranın, Moskvanın və Yerevanın geosiyasi mövqeyini möhkəmləndirmək üçün Azərbaycan və Türkiyənin qarşıdurmasında maraqlıdırlar. Kılıç Ermənistana təzyiq göstərməyi və ABŞ və Avropada erməni lobbisini durdurmağı xahiş edib.
Dersi öz şərhində yazır ki, səfirə bundan bir gün əvvəl Ilham Əliyevlə görüşünün yekunları barədə məlumat verib. Belə ki, aprelin 3-də o və həmin vaxt dövlət katibinin köməkçisi olan Metyu Brayza Əliyev və XIN rəhbəri Məmmədyarovla Ermənistan-Türkiyə sərhədinin açılması ehtimalı fonunda Azərbaycan-Türkiyə münasibətlərinin vəziyyətini müzakirə ediblər.
Növbəti teleqramda Dersi bu görüşün mahiyyətini açıqlayır. Brayza deyib ki, onu Vaşinqtonun Ermənistan-Türkiyə sərhədinin açılmasının Qarabağ nizamlanmasında sıçrayışla müşayiət olunmasına çalışdığı mesajı ilə dövlət katibi Klinton göndərib. O, həmçinin deyib ki, prezident Obama 6-7 aprel tarixlərində Istanbulda Əliyevlə görüşmək istəyir.
Buna cavabda Əliyev Türkiyənin ünvanına Azərbaycana münasibətdə “yalançılıq və satqınlıq” ittihamları ilə cavab verib. “Heç vaxt düşünməzdik ki, Türkiyə bizi belə ucuza satacaq. Prezident Gül mənə söz vermişdi ki, münaqişə nizamlanmadan sərhədlər açılmayacaq. O, yalan deyib və mən artıq buna inanmıram”, - deyə Dersi Əliyevdən sitat gətirib.
Daha sonra Ilham Əliyev baş nazir Ərdoğanın Bakını sərhədlərin açılmasına razılaşdırmaq tapşırığı ilə Türkiyə XIN rəhbəri Babacanın missiyası haqqında danışıb. Öz növbəsində, Bakı xarici işlər nazirinin müavini Araz Əzimovu bu məsələdə birgə strategiya hazırlamaq üçün Ankaraya göndərib, lakin Əzimov iki dəfə əliboş qayıdıb, deyə Əliyev bildirib. “Türkiyə heç vaxt unudulmayacaq tarixi səhvə yol verir. Bizim münasibətlərimiz əvvəlki kimi olmayacaq. Biz artıq bir xalq deyilik və heç vaxt olmayacağıq”, - deyə Əliyev qeyd edib.
O, həmçinin qeyd edib ki, iki ölkənin enerji əməkdaşlığının sonu gələcək və Türkiyə bütün türk dünyasının həmrəyliyini itirəcək. Əliyev deyib ki, özünü Gül və Ərdoğan tərəfindən aldadılmış hiss edir və bu halda Istanbula getməyin əhəmiyyəti yoxdur. Brayzanın bu məsələləri birbaşa ABŞ-ın ali rəhbərliyi ilə müzakirə etmək təklifinə Əliyev bildirib ki, Bakı ermənilərin xoş məram kimi Qarabağ ətrafında beş rayonu azad etməsi, nizamlanma prosesinin də davam etməsi şərti ilə sərhədlərin açılmasına razılaşa bilər.
Buna cavabda Brayza qeyd edib ki, tərəflər mövzuları və gündəliyi kifayət qədər çətinliklə və uzun müddətdir ki, razılaşdırırlar, belə olan halda, beş rayonun azad edilməsinə nail olmaq çətindir.
Dersinin elə bu mövzuda üçüncü teleqramı aprelin 3-də səfir, Metyu Brayza, Hulusi Kılıç və xarici işləri nazirinin müavini Araz Əzimovun iştirakı ilə nahar yeməyinə aiddir.
Kılıç Əliyevin sərhədlərin açılmasını Qarabağ nizamlanması ilə əlaqələndirmək tələbi və Istanbula getməkdən imtinasını təsdiq etməsi haqqında xəbərlərdən məyus olmuşdu(Turan).