29.09.2011

Hakimiyyətin Bakı planı

«Avrovizion 2012»dən sonra Hacıbala Abutalıbovun Elmar Vəliyevlə əvəzlənəcəyi bildirilir
“Avrovizion 2012" Mahnı Müsabiqəsindən sonra Bakı meri Hacıbala Abutalıbov Gəncənin icra başçısı Elmar Vəliyevlə əvəzlənəcək. ”Azadlıq"a daxil olan məlumatlara görə, Elmar Vəliyev hələ Yevlaxın icra başçısı olanda oradan birbaşa Bakıya gəlməyə çalışıb.
Lakin ona bildirilib ki, hələlik özünü Gəncədə sınasın. Bakının meri olmaq üçün irəli sürdüyü “təklif”i isə Gəncənin abadlaşdırılmasına sərf eləsin. Məqsəd Bakıda bir neçə iri layihəni Hacıbala Abutalıbovun üzərinə qoymaq olub. Artıq Bakı meri kifayət qədər “yüklənib”. Məktəb tikintiləri, yolların təmiri və başqa bir neçə iri layihələr ona həvalə edilib. Təbii ki, Hacıbala Abutalıbov bu layihələri reallaşdırmaq üçün şəxsi vəsaitindən istifadə etməlidir. Bakı meri üzərinə qoyulan layihələri həyata keçirdikdən sonra postunu Elmar Vəliyevə təhvil verəcək. Hacıbala Abutalıbovun sonrakı taleyinə gəlincə, onun başqa rayona icra başçısı təyin ediləcəyi istisna olunmur.
Elmar Vəliyev hakimiyyətdəki kürd qruplaşmasına daxildir və prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova çox yaxındır.


Informasiya şöbəsi