29.09.2011

Neft Fondundan 28 milyard xərclənib

Nemət Əliyev: «Fondun vəsaitinin yarısının səmərəsiz formada xərclənməsi təəssüf doğurur»
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov maraqlı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Fonda fəaliyyəti dövrü ərzində 60 milyard dollardan çox vəsait daxil olub. Hazırda Fondun vəsaitinin 32 milyard dollar qaldığını deyən Ş.Mövsümov vurğulayıb ki, bu vəsaitlər Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars layihələrinin reallaşmasına, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, gənclərin xaricdə təhsil almasına xərclənib.
Maraqlıdır ki, hələ Fond yaranarkən bəyan olunmuşdu ki, bura yığılan vəsaitlər gələcək nəsillərin inkişafı üçün qorunub saxlanılacaq. Amma qısa müddətin keçməsinə baxmayaraq artıq Fondun vəsaitlərinin yarısı xərclənib.
AXCP Iqtisadiyyat Komissiyasının sədri Nemət Əliyevin fikrincə, Fondun vəsaitinin yarısının səmərəsiz formada xərclənməsi təəssüf doğurur. Neft Fondundan indiyə qədər xərclənən 30 milyardlıq vəsaitin iqtisadiyyatımız üçün olduqca böyük vəsait olduğunu deyən N.Əliyev hesab edir ki, xalqın sosial dolanışığının bu vəsaitlərin xərclənməsinə baxmayaraq, yaxşılaşmaması aparılan siyasətin yanlışlığından xəbər verir: “Bu vəsait hesabına ölkənin aqrar sektorunu, emal sənayesini bərpa etmək olardı. Bu tədbirlər nəticəsində əhalinin sosial vəziyyətini xeyli dərəcədə yaxşılaşdırmaq olardı. Əgər Azərbaycan hökuməti 30 milyardlıq vəsaiti xərcləyəndən sonra bütün bu problemlər çözülməyibsə, deməli bu vəsaitlər səmərəsiz xərclənib. Heç bir şübhə yoxdur ki, bu vəsaitlərin böyük hissəsi korrupsiyanın qurbanı olaraq, şəxsi ciblərə axıdılıb”.
Fondun maliyyə vəsaitlərinin gələcək nəsillərə saxlanılması ilə bağlı elan olunan bəyanata gəlincə isə N.Əliyev vurğuladı ki, burada dəqiqləşdirmə aparmağa ehtiyac var. Çünki hökumət yalnız şifahi şəkildə bu vəsaitlərin gələcək nəsillərə saxlanılacağını bəyan edib. Dövlət başçısının Neft Fondunun vəsaitlərindən istifadə ilə bağlı sərəncamının olduğunu xatırladan N.Əliyev vurğuladı ki, bu sənədə görə, Fondun vəsaitləri pik həddə çatandan sonra yalnız 25 faizinin gələcək nəsillərə saxlanılması nəzərdə tutulub: “Bu isə o deməkdir ki, bu vəsaitlərin 75 faizini Azərbaycan hökuməti istədiyi istiqamətdə sərf edə bilər. Bu ciddi narahatçılıq yaradır. Daha bir məqam isə ondan ibarətdir ki, elan olunan 25 faiz rəqəmlə bağlı bir sıra suallar mövcuddur. Çünki elan olunan ”pik həddinin” nə zaman çatacağını heç kim müəyyənləşdirməyib. Bu isə o deməkdir ki, Neft Fonduna daxil olan vəsaitlərin xərclənməsinə hüquqi don geyindirilə bilir”.


Xəyal