22.09.2011

İctimai Palata “WikiLeaks” sənədlərini müzakirə etdi

Əli Kərimli: «Açıq şəkildə ifadə olunur ki, Azərbaycan  mafiya qanunları ilə idarə olunur»

İsa Qəmbər: «Hərəkətə gəlməliyik, dünya bizdən dəyişim gözləyir»

Dünən Müsavat Partiyasının qərargahında Ictimai Palatanın təşkilatçılığı ilə  “WikiLeaks: dünya, region, Azərbaycan” mövzusunda dinləmələr keçirilib. Dinləmələrdə IP-in Koordinasiya Şurasının üzvləri, qurumun fəalları, o cümlədən ölkənin aparıcı müxalifət partiyalarının rəhbərləri, politoloqlar, ziyalılar iştirak edirdilər. Aqil Səmədbəylinin sədrlik etdiyi, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclunun məruzəçi olduğu toplantıda “WikiLeaks”in açıqlamaları ilə yanaşı, Türkiyə-Israil münasibətlərinin hazırkı mərhələsində qardaş ölkəyə Azərbaycanın dəstək verməsi də müzakirə edildi.
Ə.Oruclu məruzəsində bildirdi ki, “WikiLeaks” əslində siyasəti və diplomatiyanı açmaq məqsədi güdürdü: “Açıb göstərmək. Kim kimdir, kim hardadır, kim kimlədir, kim nəçidir? Bir çox hallarda bu məqsədə nail olundu. Mənim şəxsi inamıma görə, ”WikiLeaks” dünyanı dəyişmək istəyən qlobal iqtisadiyyatın silahıdır. Güman etmirəm ki, ABŞ administrasiyası bu sənədləri açıb ortaya qoymaqda maraqlı ola bilərdi. Ən azı ona görə ki, bu halda tərəfdaşların etimadı zədələnmiş olurdu. Necə də ki, oldu. Amma eyni zamanda bunun şahidi olduq ki, “WikiLeaks” teleqramları üzə çıxandan cəmi bir neçə gün sonra ABŞ dövlət katibi Hillari Klinton tərəfdaşlardan üzr istədi, lakin təkzib eləmədi. Sentyabrın 10-da səfir Metyu Brayza “Azadlıq” radiosunda müsahibəsində dedi ki, bu yaxşı hal deyil. Amma müsahibədə belə bir ifadə də var idi ki, bunlar, diplomatların vaxtında yazdıqları sənədlərdir və ölkələrdəki real vəziyyəti əks etdirir. Bu, artıq kifayət edir ki, həmin sənədlərin orijinal olub-olmamasını şübhə altına almayım. Bəs,  “WikiLeaks”in təsiri nədən ibarət oldu? Birinci, biz özümüz üçün xeyli məqamları kəşf elədik”.
Ə.Oruclunun sözlərinə görə, “WikiLeaks”də Azərbaycanla bağlı hissəni bir neçə qrupa bölmək olar: “Ilk olaraq Türkiyədən başlamaq istəyirəm. Türkiyə Azərbaycanın müttəfiqi deyil, Türkiyə Azərbaycanın özüdür. Amma 2009-cu ildən Azərbaycan iqtidarı Türkiyəyə qarşı kampaniya aparır. ”WikiLeaks” açıqlamaları göstərdi ki, bunda ən azı 4 səbəb var. Azərbaycanın dövlət başçısının dilindən 4 səbəb səslənir: Türkiyə-Ermənistan münasibətləri, qaz məsələsi, Türkiyə Azərbaycana islamı ixrac edir, Türkiyə anti-Israil siyasəti aparır. Sual olunur ki, 2009-cu ildən açıq mərhələyə keçən gərginliyin səbəbi bu dördündən hansıdır? Bizim qənaətimizə görə, səbəb birdir. Rəsmi Bakı birbaşa Vaşinqtonla işləmək istəyir. Məhz bu səbəbdən də çalışır ki, bütün qonşuları nüfuzdan salsın. Saytın açıqladığı sənədlərdən bu, aydın görünür. Bunu açıb ortaya qoymaqla “WikiLeaks” Azərbaycan hakimiyyətini ifşa elədi ki, bunların siyasi strategiyası dedi-qodudan, qeybətdən ibarətdir”.
Saytın açıqlamalarında Rusiya ilə bağlı məqamlardan danışan Ə.Oruclu bildirdi ki, açıqlamalar Ilham Əliyevin ABŞ diplomatları ilə görüşdə Rusiyanın Azərbaycana təzyiqlər göstərməsindən söz açır və Azərbaycan rəsmiləri Rusiyanın daxili siyasəti haqqında təhlillər verirlər. Bu, Azərbaycan-Rusiya münasibətlərinə də çox ciddi xələl gətirir.
Politoloq geniş məruzəsində saytın açıqladığı daha bir təhlükə vəd edən məsələdən danışdı: “Israil səfirliyinə terrora cəhd eləmiş Suriya vətəndaşları olan iki Hizbullahçının həbsi və sonradan onların Irana təhvil verilməsi faktı açıqlanıb. Özü də Iran prezidentinin tələbi ilə təhvil verildiyi məlum olur. Mən hesab edirəm ki, hansısa məqamda həmin bu fakt həm Iran prezidentinə, həm də Azərbaycan prezidentinə qarşı terrora dəstəkdə ittiham kimi istifadə oluna bilər. Kiməsə lazım olsa, bu məsələdən məharətlə istifadə edəcək.
”WikiLeaks” açıqlamaları bir daha sübut etdi ki, Azərbaycanın xarici siyasət strategiyası yoxdur, Azərbaycan heç kimlə müttəfiq deyil, Azərbaycan siyasətində heç bir nizam yoxdur, Azərbaycan siyasəti anlayışı siyasət standartlarından xeyli uzaqdır. Ona görə də Ictimai Palata bu məsələlərə hakimiyyətdən izahat istəməlidir. Saytın açıqladığı sənədlərdən belə görünür ki, Azərbaycan rəsmilərinin, az qala hamısı Iranla işbirliyindədir. Bu məsələlərə görə hakimiyyətdən izahat tələb olunmalıdır ki, hakimiyyət niyə anti-Türkiyə siyasəti aparır? Kim onlara bu haqqı, mandatı verib? Azərbaycan xalqı anti-Türkiyə siyasətini dəstəkləmir, kəskin pisləyir. Bunun sübuta ehtiyacı yoxdur”. 
IP üzvü Pənah Hüseyn bildirdi ki, “WikiLeaks” məlum sənədləri açıqlamaqla Azərbaycanı kimlərin, hansı siyasi şüura malik adamların idarə etdiyini çılpaqlığı ilə ortaya qoyub: “Bu açıqlamalar Azərbaycanı idarə edənlərin bu ölkə üçün ciddi təhlükə törətdiyini meydana çıxarıb. Sənədlərdən bu aydın görünür ki, bu hakimiyyət Azərbaycan üçün son dərəcə böyük təhlükədir. Saytın açıqladığı sənədlərdən ortaya çıxan məsələlər əsas verir ki, Ictimai Palata hakimiyyətin istefası tələbini rəsmi şəkildə ortaya qoysun”.
P.Hüseyn Azərbaycanın Türkiyənin çağırışına qoşulməasının və Israillə yaranmış problemdə qardaş ölkəyə ciddi dəstək verməsinin vacibliyini vurğuladı: “Dünya, Azərbaycan cəmiyyəti və Türkiyə cəmiyyəti bilməlidir ki, biz seçim anından qeydsiz-şərtsiz Türkiyənin yanındayıq. Azərbaycan hökuməti Türkiyənin çağırışına qoşulmalıdır”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli də çıxışında bildirdi ki, Azərbaycanı kimlərin, necə insanların idarə etdiyi barədə illərdir müxalifətin dedikləri “WikiLeaks” tərəfindən faktiki təsdiq olunub.
Müsavat başqanının müavini Tofiq Yaqublu isə bildirdi ki, “WikiLeaks”in dünyaya, Azərbaycan kimi ölkələrə təsiri yaxın gələcəkdə görünəcək.
IP Koordinasiya Şurasının üzvü Zəfər Quliyev bildirdi ki, “WikiLeaks” lotodrom deyil ki, Azərbaycanla bağlı sənədlərin təsadüfən çıxdığı iddia olunsun: “Bunlar sistemləşdirilmiş və planlı şəkildə açıqlanan materiallardır. Bu, Julian Assancın özfəaliyyəti deyil. Açıqlanan materialların 80 faizi avtoritar rejimli ölkələrdəndir. Burda da siyasi məqsəd var. Ictimai Palata bu açıqlamaların cəmiyyətdə adi qarşılanması mərhələsinin gəlib çatmasını gözləmədən gərəkən addımları atmalıdır”.
Koordinasiya Şurasının üzvü Mehriban Vəzir bildirdi ki, saytın açıqlamaları Azərbaycanı bu rüsvayçı hakimiyyətdən xilas etmək məsələsini daha ciddi şəkildə ortaya çıxarıb: “Azərbaycan xalqına mesaj verilib ki, budur sizi idarə edənlər, indi özünüz nə edəcəksiniz edin. Bizə gələn bu mesajdan sonra nə edilməli olduğunu müəyyənləşdirməliyik”.
Müsavat Partiyasının başqanı Isa Qəmbər çıxışında bildirdi ki, “WikiLeaks” dünyada dəyişikliyin bir simvolu kimi ortaya çıxıb: “WikiLeaks”də dünyanın əksər ölkələri ilə bağlı məqamlar var. Rejimləri ifşa edən, situasiyaları dəyərləndirən ciddi sənədlər ortaya çıxır. Azərbaycanla bağlı da açıq-aydın mesajdır ki, sizi kimin idarə etdiyini biz bilirik. Bu, çox önəmlidir. Bir var ki, hansısa faktı biz bilirik. Bir də var ki, həmin faktı hamı bilir. Bu saat dünyada gedən dəyişikliyin əsas nöqtələrindən biri Azərbaycandır və Güney Azərbaycandır, Azərbaycan türkləri ilə bağlı məsələdir. Dəyişim dövrü ərəb ölkələrindən sonra Irana da keçsə proses xeyli dərəcədə Azərbaycan türklərindən, MDB məkanına da keçsə xeyli dərəcədə Azərbaycan türklərindən asılı olacaq. Biz məqamın önəmini qiymətləndirməyi bacarmalıyıq. Dünyanı dəyişmək yalnız başqa xalqlara aid deyil. Dünya bizdən dəyişim gözləyir, biz hərəkətə gəlməliyik”.
AXCP sədri Əli Kərimli “WikiLeaks”in açıqladığı məlumatların önəmindən danışdı: “Bizim üçün önəmli odur ki, qaranlıq gecənin birində işıqları yandırdılar. Azərbaycanı yönəldənlər bizim gözümüzün qabağında şəffaflaşdılar. Biz onların kim olduqlarını, nə işlə məşğul olduqlarını güman edirdik. Indi tam aydın bildik. Məlum oldu ki, bunu bütün dünya da bilir. Açıq şəkildə ifadə olunur ki, Azərbaycan hakimiyyəti daxilində ciddi konflikt var. Ölkə mafiya qanunları ilə idarə olunur. Məlum olur ki, bu hakimiyyət Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir. Azərbaycanı müttəfiqsiz qoyub bu hakimiyyət. Məlum olur ki, bu hakimiyyətdə ən yüksək postlarda olan adamlar pul müqabilində başqa ölkələrə işləyirlərmiş. Daha nə lazımdır ki, xalq fərqində olsun ki, bu hakimiyyət Azərbaycanın milli təhlükəsizliyinə təhdid var”.
Əli Kərimli Isa Qəmbərin Türkiyə-Azərbaycan strateji tərəfdaşlıq şurası yaradılması və təcili birgə yığıncağın çağırılması təklifini dəstəklədi. AXCP sədri bildirdi ki, Azərbaycan dünyaya elan etməlidir ki, biz Türkiyə ilə strateji müttəfiqik və Türkiyəyə özümüz kimi yanaşırıq: “Biz hamı ilə yaxşı münasibətlər saxlamaq istəyirik. Amma bir dövlət var ki, onunla münasibəti heç kimlə bir tərəziyə qoymaq istəmirik. Bu, Türkiyədir. Azərbaycan bunu açıq bəyan etməlidir”.