22.09.2011

Əliyev Saakaşvilidən niyə gileylənib?

«WikiLeaks»: «O, gürcü həmkarının Bakının planlarına və maraqlarına ciddi zərbələr vurduğunu deyib»
WikiLeaks saytının amerikalı diplomatlara aid məxfi yazışmalarının dərcini davam etdiririk. ABŞ-ın ölkəmizdəki səfirlərinin və digər diplomatların imzasıyla Vaşinqtona göndərilən məxfi teleqramlarda ölkəmizdəki ictimai-siyasi durumla bağlı qeydlər yer alır.

***

ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin 2008-ci il oktyabrın 29-da göndərdiyi məxfi məktubda ölkə başçısı Ilham Əliyevin ikinci dəfə prezident səlahiyyətlərinin icrasına başlamazdan öncə (andiçmə mərasimindən əvvəl) amerikalı rəsmilərlə keçirdiyi görüşdən bəhs olunur. Görüşdə ölkədaxili və regional durum, Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub. Regionda baş verən hadisələrə toxunan Əliyev Rusiya-Gürcüstan arasında beşgünlük müharibəni xatırladaraq rəsmi Bakının Saakaşvili hökumətini dəstəklədiyini amerikalı qonaqların diqqətinə çatdırıb.

Əliyev Saakaşvili və ermənilərlə əməkdaşlıq haqqında

“Ilham Əliyev andiçmə mərasimindən öncə amerikalı rəsmilərlə görüşü zamanı Saakşvilinin Azərbaycanın maraqlarına zərər verməsinə baxmayaraq, Bakının Tbilisini dəstəkləməyə davam edəcəyini bildirib. Oktyabrın 23-də ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə rəsmilərilə görüşündə o qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunacağı təqdirdə Ermənistan beynəlxalq layihələrdə Azərbaycanla əməkdaşlıq etmək imkanı qazana bilər. Əliyev Rusiyanın hücumları zamanı Gürcüstanı dəstəklədiyini vurğulayaraq, Saakaşvilinin özünə və Azərbaycana ciddi problemlər yaratdığını söyləyib. O, gürcü həmkarının Bakının planlarına və maraqlarına ciddi zərbələr vurduğunu da amerikalı rəsmilərin diqqətinə çatdırıb”,- deyə Dersi məxfi teleqramında yazıb.
Amerikalı diplomat daha sonra qeyd edir ki, Ilham Əliyev Azərbaycanın qonşuları ilə balanslaşdırılmış siyasət yürütməli, xüsusən də Rusiya ilə münasibətlərdə ehtiyatlı davranmalı olduğunu bildirib. Azərbaycan rəhbəri Rusiyanın regionda istədiyi kimi hərəkət etdiyini və bütün işlərdə əli olduğunu amerikalı qonaqlara söyləyib: “Ukrayna və Azərbaycan Gürcüstanı, Ermənistan, Qazaxstan və Mərkəzi Asiya ölkələri isə Rusiyanı dəstəklədi” (söhbət Rusiya-Gürcüstan müharibəsi zamanından gedir - red.).

“Əbu-Bəkr”in partladılmasında Rusiya izi

Enn Dersinin 2008-ci il 10 oktyabr tarixli məktubunda isə ABŞ dövlət katibinin müavini Con Neqroponte və dövlət katibinin köməkçisi Metyu Brayzanın ölkəmizə səfəri və Ilham Əliyevlə keçirdiyi görüşlə bağlı qeydlər yer alıb: “Ilham Əliyevin ABŞ dövlət katibinin müavini Con Neqroponte, dövlət katibinin ikinci köməkçisi Metyu Brayza ilə görüşündə Azəraycanda ictimai-siyasi durum, regional vəziyyət və Bakı-Vaşinqton əlaqələri müzakirə olunub. Ilham Əliyev Azərbaycana şimaldan gələn Vəhhabi təriqətinin ölkədə ciddi təhlükə yaratdığını bildirib. Azərbaycan rəhbəri ”Əbu-Bəkr” məscidinin partladılmasında Rusiyadan gələn qruplaşmanın əli olduğunu söyləyib.

Iran və Rusiya təhlükəsinə qarşı Qərbdən səfərlər istəyi

Ilham Əliyev Rusiya və Iran təhlükəsinə qarşı ABŞ və Avropanın ciddi dəstəyinə ehtiyac duyduğunu da amerikalı rəsmilərin diqqətinə çatdırıb. “Qərbin burada maraqları var. Bunlar bizim üçün çox əhəmiyyətlidir. Rusiya və Iran da bunu anlayır. Onlar Azərbaycanın tək olmadığını görməlidilər”, deyən Ilham Əliyev ABŞ rəsmilərinə Qərb liderlərinin Azərbaycana səfər etməməsindən gileylənib.

Əliyevin yoxsul- siyasət söhbəti

ABŞ-ın ölkəmizdəki keçmiş səfiri məxfi teleqramında yazır ki, Əliyev-Neqroponte görüşündə Azərbaycanda demokratiya və insan haqlarının vəziyyəti, inkişaf istiqamətləri də müzakirə olunub: “ABŞ dövlət katibinin müavini Con Neqroponte demokratiya və insan haqlarının inkişaf etdirilməsi üçün ikitərəfli dialoqun vacib olduğunu Əliyevin diqqətinə çatdırıb. Ilham Əliyev dialoqun tərəfdarı olduğunu söyləyib. Azərbaycan rəhbəri ölkəsinin mətbuat və insan haqlarının məhudlaşdırılmasına görə sərt tənqid edildiyini xatırladaraq bu tip hesabatların ”doğru” olmadığını bildirib. Əliyev müzakirələr zamanı söyləyib ki, yoxsul insanlar siyasət haqda düşünə bilməz. Azərbaycan yoxsulluğun səviyyəsini 49 faizdən 16 faizə endirib. O əlavə edib ki, Azərbaycanın siyasi sistemi yenidir. Əliyev daha sonra qeyd edib ki, qarşıdan gələn prezident seçkiləri normal atmosferdə baş tutmalıdır", - deyə səfirin məktubunda qeyd edilir.

YAP-ın “monopoliyası”

Enn Dersinin 2008-ci il oktyabrın 14-də Vaşinqtona göndərdiyi teleqramda isə Con Neqroponte və Metyu Brayzanın ölkəmizə səfəri zamanı vətəndaş cəmiyyətinin üzvləri ilə görüşündən bəhs olunur: “Con Neqroponte və Metyu Brayzanın oktyabrın 2-si və 3-də Azərbaycanın ictimai fəalları, hüquq müdafiəçiləri və QHT təmsilçiləri ilə görüşündə ölkədaxili siyasi durum, demokratik institutların inkişafı və sərbəst toplaşmaq azadlığının bərpası istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycanlı fəallar ölkəyə daxil olan neft gəlirlərinin ictimai-siyasi inkişafa yol açmasıyla bağlı söylənilənlərlə razılaşmadıqlarını bildiriblər. Yerli fəallar ölkədə söz və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılmasından ciddi narahatlıq keçirdiklərini amerikalı qonaqların diqqətinə çatdırıblar”.
Amerikalı diplomat məxfi teleqramın sonunda qeyd edir ki, dövlət katibi müavininin Azərbaycana səfərinin prezident seçkiləri ərəfəsində baş tutması hökumətin demokratiyaya münasibətinin aydınlaşdırılması istiqamətində yaxşı imkan yaratdı. Siyasi səhnənin hakim partiya tərəfindən monopoliyada saxlanması ölkədə demokratiyanın gələcək inkişafında ciddi və uzunmüddətli problem kimi qalmaqdadır. Bu problemin seçkilərdən sonra da demokratiyanın inkişafı istiqamətində müzakirələrə və atılacaq addımlara ciddi maneçilik törədəcəyi istisna olunmur.


Siyasət şöbəsi