21.09.2011

Korpus komandirinin adı qətldə hallandırılır

Səmayə Əliyeva: Oğlum Elçin Əliyevin qatili Rövşən Əkbərovdur»

Ukrayna prokurorluğu bir, Azərbaycan prokurorluğu ayrı söz deyir

Qəzetimizə Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq Təşkilatın vasitəsilə Səmayə Əliyevanın müraciəti daxil olub. Oğlu Elçin Əliyevi 2001-ci ilin iyununda Kiyev şəhərində Şəmkir Korpusunun komandiri Rövşən Əkbərovun qətlə yetirdiyini iddia edən S.Əliyeva vurğulayıb ki, Ukrayna Baş Prokurorluğunun 2005-ci il mayın 11-də ona ünvanladığı məktubunda R.Əkbərovun oğlunun qətlində iştirakı haqqında sübutların olduğunu bildirib.
S.Əliyevanın sözlərinə görə, R.Əkbərov cinayət törətdikdən sonra Azərbaycanda gizləndiyinə görə Ukrayna Baş Prokurorluğu cinayət materiallarını Azərbaycan Respublikasının istintaq orqanlarına göndərib və onu cinayət məsuliyyətinə cəlb etməyi xahiş edib: “Amma qətl hadisəsindən keçən on il müddətində Rövşən Əkbərov nəinki cinayət məsuliyyətinə cəlb edilib, əksinə, general-leytenant rütbəsi verilərək Müdafiə Nazirliyi sistemində korpus komandiri təyin olunub. Halbuki, istintaq orqanı - prokurorluq da cinayəti kimin törətdiyini bilir, lakin iradə nümayiş etdirib Rövşən Əkbərovu həbs edə bilmir”.
Oğlunun qisasını yerdə qoymaq istəməyən S.Əliyeva yazır ki, dəfələrlə aidiyyəti orqanlara və 30 dəfə dövlət başçısına müraciət etsə də, nəticəsi olmayıb. Bu dəfə dövlət başçısı ilə yanaşı, Avropa Birliyinin, Avropa Şurasının Bakı nümayəndəliklərinə də müraciət ünvanlayan S.Əliyeva hüquqi müstəvidə mübarizəsini Avropa Məhkəməsinə qədər davam etdirmək niyyətindədir. Bu dəfə də müraciət etdiyi instansiyalar sırasına dövlət başçısının ünvanını əlavə etməsinə baxmayaraq, S.Əliyeva nəticə olacağına inanmır: “Təəssüf ki, mən heç də ümid etmirəm ki, Siz, bu müraciəti oxuyub qanunauyğun həllinə göstəriş verəcəksiniz. Məndə aydın təsəvvür formalaşıb ki, vətəndaşların ərizələri, şikayətləri Sizi heç vaxt maraqlandırmır, ona görə də onlar Sizə çatdırılmır. Prezidentliyinizin 8 ili müddətində Siz 8 nəfər şikayətçi qəbul etməmisiniz. Qatillər məlum olduğu halda, 10 ildir istintaqdan eyni sözləri eşidirik”.
Onu da qeyd edək ki, S.Əliyevanın məktubunda olduğu kimi mətbuatda da belə məlumat gedib ki, E.Əliyevin işi ilə bağlı Ukrayna prokurorluğu Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib. Məlumata görə, istintaq qətl olayı ilə bağlı gəldiyi nəticə barədə Azərbaycan Prokurorluğuna müraciət edərək, R.Əkbərov barəsində cinayət işinin açılması üçün Bakıya rəsmi sorğu göndərib.
Məsələyə aydınlıq gətirmək məqsədi ilə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq. E.Sultanov Ukrayna Prokurorluğundan Azərbaycanın Baş Prokurorluğuna belə bir sorğunun daxil olmadığını dedi. Eyni zamanda əlavə etdi ki, E.Əliyevin işi ilə bağlı istintaqın icraatı dayandırılıb. Lakin iş üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Hikmət