28.09.2011

Əliyev atasından qalan yapçılarla eyni yerişi yeriyə bilmədi

Mahal İsmayıloğlu: «Hakimiyyətdaxili qruplaşmalar ölkənin idarəçiliyində fikir ayrılığına görə deyil, biznes maraqlarına görə topalaşıblar»

«Eldar Mahmudov hər addımda açıq şəkildə hiss etdirir ki, Paşayevlər klanına məxsus olan tapşırıqların icraçısıdır»

ABŞ diplomatlarının Vaşinqtona ünvanladığı məxfi teleqramları açıqlayan “WikiLeaks” saytında Azərbaycanla bağlı məqamlar açıqlanmaqda davam edir. Sənədlərdə hakimiyyətdaxili savaş da diqqətdən kənarda qalmayıb. Məhz bu məqamlarla bağlı Prezident Administrasiyasına bilavasitə yaxınlığı ilə seçilən “Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal Ismayıloğlunun fikirləri ilə tanış olduq.

- “WikiLeaks”ın açıqladığı sənədlərdə hakimiyyət daxilində Ramiz Mehdiyevə qarşı Kəmaləddin Heydərov və Eldar Mahmudovun üzv olduqları qruplaşmaların olduğu deyilir. Bu fikirləri bölüşürsüz?
- Kəmaləddin Heydərovun qruplaşması var. Amma Eldar Mahmudovun özü Paşayevlər qruplaşmasının sıravi üzvlərindən biridir. Funksioner kimi üzdədir, MTN-in başında dayanır. Ancaq bütün ixtiyarı Paşayevlərin əlindədir. Hər addımda da açıq şəkildə hiss etdirir ki, Paşayevlər klanına məxsus olan tapşırıqların icraçısıdır. Buna şübhə yoxdur. Hakimiyyət daxili bölgüdən, qruplaşmalardan danışanda öncə nəzərə almaq lazımdır ki, bunlar ölkənin idarəçiliyində fikir ayrılığına görə yaranan qruplaşmalar deyil. Biznes maraqlarına görə topalaşan qruplaşmalardır. Kimlərinsə hardasa maraqları toqquşur. Ancaq məqsədləri eynidir. Ölkəni necə talamaq, onun sərvətlərinə necə sahib olmaq və ölkəni talamaq yarışında maneələrlə rastlaşmamaq üçün hansı hədəfləri vurmaq.

“Hakimiyyət daxilində gedən mübarizələrin çox gizli, yeraltı xətləri var”

- Ehtimal edilir ki, Əli Insanovla Sirus Təbrizlinin YAP-dan çıxarılması 2008-ci ildə prezident seçkisi öncəsi hakim partiyanı parçalanmadan sığortalayıb. Doğrudan da YAP-ın parçalanma ehtimalı var idi?

- Əli Insanov həbs olundu. Sirus Təbrizlinin də çıxarılması tamam başqa motivlərlə bağlı idi. Cəlal Əliyevdən başqa hansısa qrupun hakimiyyətin varislik yolu ilə ötürülməsinə qarşı çıxması inandırıcı görsənmir. Varislik yolu ilə ötürülmə həm də hakimiyyətdə təmsil olunan, Heydər Əliyevin himayədarlığı ilə nazir təyin edilən, müxtəlif vəzifələrə yiyələnən, külli miqdarda var-dövlət sahibi olan, tabeçiliyindəki strukturları öz mülkiyyətinə çevirən insanlar üçün yeganə xilas yolu idi. Bir anlığa təsəvvür edin ki, Ilham Əliyev yox, tamam başqa bir adam hakimiyyətə gəlsəydi, bütün nazirlərin aqibəti necə ola bilərdi. Amma bu başqa məsələdir ki, Ilham Əliyevin dövləti idarə edib-edə bilməyəcəyi ilə bağlı fikir müxtəlifliyi var idi. Buna son dərəcə pessimist, müəyyən şübhələrlə yanaşanlar da var idi. Heydər Əliyevlə müqayisədə onun oğlunun nəyə qadir olduğu xeyli suallar doğururdu. Bu baxımdan da Əli Insanovun da, Fikrət Sadıqovun da, Akif Muradverdiyevin də həbsi sadəcə olaraq bir qrup insan arasında söhbətin motivləri əsasında baş verdi. Çox maraqlıdır ki, o söhbətlərin iştirakçısı olan dördüncü adam həmin dairənin söhbətlərini yuxarıya çatdırdığına görə indi çox yüksək vəzifədədir. Bu onu göstərir ki, Azərbaycanda hakimiyyət daxilində gedən mübarizələrin çox gizli, yeraltı xətləri var. Zahiri əlamətlər heç də bizim dediyimiz kimi deyil. Altdan gedən proseslər isə hakimiyyət daxili mübarizələrin hansı müstəvidə olduğunu ortaya qoya bilir.

“Sirus Təbrizli və Cəlal Əliyev ciddi qəbul edilməyən adamlardı”

- Sirus Təbrizli həm də Cəlal Əliyevə yaxın olduğuna görə Ramiz Mehdiyev tərəfindən YAP-dan uzaqlaşdırıldığı güman edilir. Bu fikiri bölüşürsünüz?

- Bir dəfə Cəlal Əliyev Sirus Təbrizlini təhqir etdi. Sirus da ona cavab verdi ki, mənə münasibətdə səhv edirsiniz. Heç vaxt qul kimi sözlərinizi yerinə yetirməyəcəm. Sirus Təbrizli ilə Cəlal Əliyev arasında hansısa bağlılığın olmasına şübhə edirəm. Çünki hər ikisi ciddi qəbul edilməyən, ölçülü-biçili siyasət apara bilməyən adamlardı. Nə Siruz Təbrizli siyasi proseslərdəki məqamları gözləyəndir, nə də Cəlal Əliyev. Bunların leksikası da, danışıq tərzi də, hadisələrə münasibət forması da göstərir ki, bu cür insanlar ciddi siyasətlə məşğul ola bilməzlər. Ciddi siyasətlə məşğul olmaq istəyi də nəticə etibarı ilə bugünkü kimi olmalı idi.

“Cəlal Əliyev prezident olsaydı, biz tamam başqa bir Azərbaycanda yaşayardıq”

- Orda bir məqam da var ki, Cəlal Əliyevin 2008-ci ildə prezident seçkilərinə qatılmaq ehtimalı olub. Bununla bağlı nə deyə bilərsiniz?

- Bir az xronikalara diqqətlə yanaşmaq lazımdır. Eyni söhbət 2003-ci ildə Ilham Əliyevin prezidentliyə namizədliyi irəli sürülən dövrdə də gedirdi. Guya, Cəlal Əliyev Ilham Əliyevin prezident seçilməsinə qarşı dirəniş göstərir. Nəhayət seçki öncəsi Cəlal Əliyev televiziya ekranına çıxıb geniş müsahibə verdi ki, Ilham Əliyev çox layiqli varisdi və hakimiyyəti ondan başqa heç kim idarə edə bilməz. Təbii ki, bu, cəmiyyətdə gedən söz-söhbətlərə son qoymaq üçün düşünülmüşdü. Amma sonrakı prosesdə Cəlal Əliyevin vurulması da göstərdi ki, müəyyən barışmazlıqlar, narazılıqlar olub. Amma Cəlal Əliyevin ölkə prezidenti ola bilməsi və bu yöndə dəstək qazanması tamamilə mümkünsüzdür. Azərbaycan ictimaiyyətinə Ilham Əliyev qəbul etdirmək nə qədər çətin idisə də, Cəlal Əliyevi prezident kimi qəbul etdirmək mümkünsüz idi. Əgər belə olsaydı, biz tamam başqa bir Azərbaycanda yaşayardıq.

“Nazirlər nümayiş etdirdilər ki, onlar ölkə başçısından yox, ölkə başçısı onlardan asılıdır”

- Sənədlərdə o da qeyd edilir ki, Sirus Təbrizli köhnə yapçılarla Ilham Əliyev arasında dərin uçurumun olduğunu deyib. Bu uçurum həqiqətən də varmı?

- Əslində bu da məntiqə uyğundur ki, Ilham Əliyev atasından qalan yapçılarla eyni yerişi yeriyə bilmədi. Bu addımlar, sadəcə olaraq, uyğun gəlmədi. 2003-cü ilə qədər arxa plandan qalıb üzə çıxmaq istəməyən, öz var-dövlətini ehtiyatla gizlədən nazirlərin hamısı bir ilin içində açıq şəkildə meydana çıxdılar. Öz sərvətlərini nümayiş etdirməyə başladılar. Sərvətlərilə yanaşı ölkə siyasətində, dövlət idarəçiliyində oynadıqları rolu şişirtməyə, gözə soxmağa başladılar. Eyni zamanda açıq şəkildə nümayiş etdirdilər ki, onlar ölkə başçısından yox, ölkə başçısı onlardan asılıdır. Bu, 2003-cü ildən sonra gedən proseslərin gözlə görünən tərəfi oldu. Təbii ki, belə bir axarda konservativ düşüncəyə malik, Heydər Əliyevsayağı meyarları qəbul edən insanlarla Ilham Əliyev yol gedə bilmədi. Yavaş-yavaş onlardan qurtulmaq, onları uzaqlaşdırmaq bir tendensiyaya çevrildi. Nəticə etibarı ilə Azərbaycan indi elə bir mərhələyə gəlib çatıb ki, artıq bütün cəhdlərə baxmayaraq, dövlət idarəçiliyində resurslar tamamilə tükənib. “Azadlıq” qəzetində Ramin Nağıyevin, ardınca Elşad Abdullayevin çox dəhşətli ittihamları dərc olundu. Özünə hörmət edən, imicini qoruyan, azca da olsa nüfuzunun qayğısına qalan bir hakimiyyət, onun məmurları o qədər susqunluq nümayiş etdirməzdilər. Bilavasitə onlara yönələn ittihamları cavabsız qoya bilməzdi. Amma cavabsız qaldı. Bu onu göstərir ki, hakimiyyətin yüksək eşelonu ilə onun məmurları arasında bir cinayətkar ortaqlıq yaranıb. Indi heç kim heç kimə toxuna bilmir. Hakimiyyət bunların nə üçün baş verdiyinə cavab verə bilmir. Çünki istənilən halda gedib hakimiyyətə dirənir. Məlum olur ki, hakimiyyətin sifarişi yerinə yetirilib. Aqil Xəlillə bağlı olayları xatırlatmaq lazımdır. Elşad Abdullayevin məktubunda adı hallanan Akif Çovdarov eynən Aqil Xəlilə qarşı cəza alətinə çevrildi. Indi həmin adamın adı başqa bir motivdə hallanır. Bütün bunlar onu göstərir ki, güc strukturlarının işçiləri bir dəfə hakimiyyətin sifarişini yerinə yetirəndə, iki dəfə də özlərinin maraqlarını təmin edən addımlar atıblar. Nəticə isə indi göz önündədir. 


Fizzə Heydərli