28.09.2011

“Putin gəlir” xəbəri Rusiyanı batırır

Ölkə 2 gündə beş milyard dollar xərcləyib, 24 qəpik qazanıb
Rusiya Milli Bankı iki gündə 5 milyard dollar itirdi. Bunun qarşılığında isə valyuta bazarında rublun qiyməti cəmi 24 qəpik qalxıb. Putinin Rusiyada prezidentliyə namizəd olacağına dair xəbərin ilk siqnalları budur.
Göründüyü kimi, keçmiş dövlət başçısının “gəlirəm” xəbəri iqtisadi infarkt və sosial iflic yaradıb. Amma Putinin  Rusiya sevgisi o qədər böyükdür ki, o, bunun uğrunda bütün rus xalqını qurban verməyə hazırdır. Rusiya öz daxili halsızlıqlarını aradan qaldırmaq üçün yeni cəhdlər etdiyi bir vaxtda Putinin yenidən böyük taxtada baş rol istəməsi vəziyyəti gərginləşdirəcək. Medvedevin Qərb ölkələri ilə dil tapmaqda daha rahat bir şəxs olduğunu düşünən ekspertlər belə hesab edirdilər ki, hazırkı prezidentin Qərb dünyasında Rusiyaya qarşı aqressiyanı xeyli azaltmaq imkanları var. Bu durum əslində Rusiya üçün bir şans hesab edilirdi. Maliyyə resursları baxımından Qərbin dəstəyinə birmənalı ehtiyac duyan Rusiya üçün antiQərb mövqeli liderin zühuru intihara bərabərdir. Başlıca məsələlərdən biri də odur ki, Rusiyada son dörd ildə xeyli müstəqil biznesmen formalaşıb və Putinin yenidən gəlişi onlar üçün qətliam xəbəridir. Buna görə də ölkədə ciddi maliyyə qıtlığı yaranıb. Görünür ki, ölkədən xeyli miqdarda pul çıxarılmaqdadır. Bu qaçhaqaçın ilk iki gününün 5 milyarda başa gəlməsi o deməkdir ki, Rusiya sürətlə iqtisadi fəlakətə yuvarlanır.

Kudrin niyə getdi?

Ola bilsin ki, yaxın zamanlarda Rusiyanın daha böyük vəzifəli şəxslərindən biri də mühacirət etsin. Sabiq maliyyə naziri Aleksey Kudrin istefa verərək Medvedevin baş nazir olacağı hökumətdə işləməyəcəyini dedi. Amma bir qədər inandırıcı olmayan əsaslandırma idi. Çünki Kudrin Medvedevin prezidentliyi dövründə işləmişdi. Ən başlıcası isə bu dövrdə  Putini tənqid edən xeyli açıqlamalar, müsahibələr vermişdi. Məsələn, o açıq şəkildə Hesablama Palatasına müraciət edərək büdcəni hökumətdən və baş nazirdən qorumağı tələb edirdi. Göründüyü kimi, Putinin yenidən gəlişinin özü üçün yaxşı nəticələr verməyəcəyini bilən Kudrin vəzifəsindən istefa vermək qararına gəlib. On ildən artıqdır bu vəzifəni tutan sabiq maliyyəçi nazir Avropada da ciddi mütəxəssislərdən biri kimi tanınırdı. Onun istefasının Rusiya iqtisadi mühitində inamsızlığın dərinləşəcəyinə və investisiyaların ölkədən çıxarılacağına səbəb olacağı deyilir. Əslində isə ilkin nəticələr bu gözləntinin doğrulduğunu deməyə əsas verir.

Qərb bəyanatlarını unudacaqmı?

Bu ilin 8-9 martında Moskvada səfərdə olan ABŞ vitse-prezidenti Putinin prezidentliyə namizədliyinin Rusiya üçün “qara xəbər” olacağına işarə vurmuşdu. ABŞ ikincisi demişdi ki, Putin yenidən prezident olmaq istəsə, bu onun özü və Rusiya üçün çox pis ola bilər. Göründüyü kimi, Putinin namizədliyinin ilk iki günündə Rusiyada ciddi dollar çatışmazlığı (tələbatın üçdə biri qədər) yaranıb. Bu isə o deməkdir ki, Qərb öz bəyanatlarını unutmayıb. Üstəlik, Əfqanıstan üçün nəzərdə tutulan daşımaların müqavilələrinin yerinə yetirilməsi məsələsi hələ də sual altında qalır. Başqa tərəfdən, Şimali Qafqazda təhlükəsizlik məsələlərində Medvedevlə dil tapan Qərb ölkələri çətin ki, Putinlə dialoqa cəhd etsinlər. Beləliklə, Rusiya Putinin “gəlir” xəbərini eşidər-eşitməz itirməyə başlayıb. Bu ölkəni fəlakətdən xilas etməyin politoloji yolları isə hələ üfüqdə də görünmür.


Seymur Həzi