24.09.2011

Sabiq müstəntiq yenə şok faktlar açıqladı

Bakı metropolitenində törədilən terror aktı ilə bağlı hansı çirkin oyunlar oynanılıb?
Bir neçə səs-küylü cinayət və qətl hadisələri ilə bağlı gizlinləri açıqlayan MTN-in xüsusilə mühüm işlər üzrə müstəntiqi “Azadlıq”a növbəti məqalə göndərib. Məqaləni tam mətnilə oxucuların diqqətinə çatdırırıq. 

Terror aktının icraçıları və təşkilatçıları tam ifşa edilmişdi

“Azadlıq” qəzetinə müsahibə və məqalələrimdə mən Azərbaycan hüquq-mühafizə orqanlarının bir neçə səs-küylü cinayət və qətl hadisələrinin istintaqı zamanı çirkli əməllərinin üstünü açmışam. Amma bu məsələlər ətrafında qeyd etməyi zəruri saydığım başqa məqamlar da var.
1996-cı ilin may ayında AR Ali Məhkəməsinin hökmü ilə 1994-cü ilin mart ayında Bakı metropoliteninte terakt törətməkdə ittiham olunan  R.Maksimov və T.Süleymanovun haqqında ölüm cəzası (sonradan ömürlük həbslə əvəz edilib), A.Səfərəliyev, R.Baqiyev və E.Orucov haqqında isə 13-15 il azadlıqdan məhrum etmə cəzası kəsilib.
Sonralar Azərbaycan Hüquq Müdafiəçiləri Federasiyasının tərtib etdiyi siyasi məhbusların siyahısında bu adamların adlarını görəndə mən heyrətə gəldim. (Bunu eyni ölkənin hüquq-mühafizə orqanları ilə hüquq müdafiəçilərinin təcrübə mübadiləsi kimi izah etmək lazım idimi?).
“Zerkalo” qəzetinə və press-uz.info saytına verdiyi müsahibədə hüquq müdafiəçisi Leyla Yunus bildirmişdi ki, bu adlar həmin siyahıya Eldar Zeynalov tərəfindən daxil edilib və onlar Federasiyanı yaradanda və siyahıları birləşdirəndə bu adlar da orada saxlanılıb.
Mən Leyla xanımı şərəfli, cəsarətli və prinsipial bir adam kimi dəyərləndirirəm. Amma bu məsələdə onunla razılaşmayacağam: Bunları yoxlamaq lazım idi.
Eldar Zeynalov bu adamların adlarını siyasi məhbusların siyahısına əlavə edəndə onun əlində hansısa ciddi arqumentlər var idimi ki, bu adamların cinayəti sübut olunmayıb? Mən qətiyyətlə deyirəm ki, ola bilməzdi. 
Bu adamların vəkilləri də 9 il ərzində çalışıb vuruşdular ki, onların mühakiməsi zamanı hansısa qanun pozuntularının mövcudluğunu üzə çıxarsınlar, amma tapa bilmədilər. Istintaq və məhkəmə bu terror əməliyyatının sadə icraçıları olan R.Maksimov, T.Süleymanov, A.Səfərəliyev, R.Baqiyev, E.Orucov, O.Qurbanovdan (terakt zamanı həlak olub) tutmuş təşkilatçılar olan Rusiya vətəndaşı N.S.Ramazanov və Ermənistan xüsusi xidmət orqanlarına qədər bütün mərhələləri tam ifşa edə bilmişdi.
Eldar Zeynalov bu barədə deyir: “O ki qaldı 1994-cü ilin martında Bakı metropolitenində terakt törədilməsinə görə həbs edilənlərə, onların haqqında hökmü Ali Məhkəmə verdiyi üçün onlar hökmdən şikayət etmək və kassasiya ərizəsi vermək imkanında olmayıblar”.

Hüquq müdafiəçiləri ictimai müzakirədən qorxmamalı idilər

Amma əgər qanunvericiliyin norması bu idisə, burada müstəntiqin və ya hakimin hansı günahı ola bilərdi?
Cənab Zeynalovun “faktiki olaraq, məhkəmə qapalı keçirilmişdir” iddiasının isə heç bir əsası yoxdur. Zalın tutumundan asılı olaraq bütün arzu edənlər məhkəmə iclasında iştirak edirdilər, məhkəmə açıq idi, təhlükəsizliyi isə MTN və DIN əməkdaşları birlikdə qoruyurdular və bu praktika bütün dünyada tətbiq edilir.
“Məhkəmə prosesi zamanı çoxlu sayda prosessual pozuntular baş verib” iddiasını da əsaslandırmaq lazımdır: konkret olaraq, hansı prosessual normaların pozulduğunu göstərmək lazımdır və ümumi ifadələrdən istifadə etmək lazım deyil.
Hüquq müdafiəçisi N.Cəfəroğlu bildirirdi ki, məhkəmə zamanı bu adamların “Sadval” üzvü olduqları elan edilmişdi: “Bunu etmək lazım deyildi. Nəticədə belə alınırdı ki, bu adamlar hansısa azadlıqlar uğrunda mübarizə aparırmışlar”. Soruşmaq istərdim ki, bəs onları necə adlandıraydıq? Əgər onların hamısı “Sadval”ın üzvləri idilərsə, onları necə təqdim etmək olardı? Axı, bu terror əməliyyatını, həqiqətən də “Sadval”ın rəhbərləri sifariş vermişdi. Biz bunu  “azadlıq uğrunda mübarizə” aparan ASALA-nın üzərinə ata bilməzdik axı. 
Onların barəsində yeni məhkəmə araşdırmasının zəruriliyi barədə iddianın da heç birÿ əsası yox idi. Axı, hansı qanunvericilikdə yazılıb ki, kassasiya şikayətinə baxılması zamanı pozuntulara yol verilibsə, cinayət işi təkrar istintaqa göndərilməlidir?
Ikincisi, zamanında həmin hüquq müdafiəçiləri Rahib Maksimovun kassasiya şikayətini çap etmək üçün özlərində cəsarət tapmalı və ictimai müzakirədən qorxmamalı idilər.

Şahid geri çevrilib qadını görən kimi...

2007-ci ilin mart ayının 26-da, saat 18.00-da başlayaraq azdiaspora.org saytında Eldar Zeynalovla mənim aramda R.Maksimovun günahkar olub-olmadığı barədə mübahisə oldu. Bu mübahisənin gedişində Eldar Zeynalova yazdığım bircə abzası burada təkrar etmək istərdim: “Məhkəmədə Rahibin yeni bir qadın vəkili peyda olmuşdu. O, Maksimova necə yardım etmək üçün yalana əl atmaqdan başqa çıxış yolu tapmadı. Bu vəkil Rahibin Qusardakı qohumlarına tapşırmışdı ki, pul hesabına da olsa, Rahib üçün alibi yarada bilən şahid tapsınlar. Onlar bunu edə bildilər. Bu zaman o, həmin şahidin dindirilməsi üçün vəsatət verdi və vəsatət təmin edildi. Yəqin heç kim üçün sirr açmış olmaram, desəm ki, hər bir işin üstünü açan zaman əməliyyat tədbirləri də təşkil olunur. Bu iş üzrə də belə idi. Vəkilin hansı sürprizlər hazırladığı mənə məlum idi. Amma müdaxilə edə bilməzdik, çünki qorxurduq vəkil şahidlərə təzyiq barədə hay-küy salardı. Yalançı şahidin ifadə verməsinə ikicə gün qalmış aydınlaşdırmışdıq ki, hazırlanan şahid (böyük bir ailənin başçısı) martın 19-da səhərdən axşamadək öz məşuqəsinin (qadın ərdə idi) yanında olub. Həmin qadın Bakıya gətirildi. Yalançı şahid ifadə verdi ki, Rahib Maksimov martın 19-da səhərdən axşama qədər onun evində olub. Ifadə başa çatandan sonra qadın məhkəmə salonuna gətirildi. Şahid geri çevrilib qadını görən kimi, məhkəmədən xahiş etdi ki, onu yenidən dindirsinlər, çünki o, yalan ifadə verib. Bu zaman, o, təsdiq etdi ki, Rahibin qohumlarının təkidli xahişlərinə görə yalan danışıb”.

Terror aktını törədənlərin adları siyasi məhbusların siyahısına necə düşüb?

Eldar Zeynalov isə görün nə yazır: “Bu işin istintaqını aparan müstəntiq Ramin Nağıyev sonradan xaricə qaçmışdır. O, bu işlə bağlı Internetdə çoxlu maraqlı məlumatlar dərc edib və etiraf edib ki, ən önəmli ifadə verən şahidlərdən birinin sevgilisini həbs ediblərmiş və buna görə də şahid verdiyi ifadədən imtina edib. Bu axı, əməlli başlı cinayətdir”.
Hüquq müdafiəçisinin bu qədər ağ yalan danışa biləcəyini təsəvvür etmək istəməzdim.
Mən həqiqətən də xaricə qaçmışam, amma mən hələ ölməmişəm və hələ öz dediklərimi sübut edə bilmək imkanım var. Bu həyatı necə seçmək mümkündür axı: mənim söylədiklərimi kontekstdən çıxarmaq, özü üçün saxta arqumentlər yaratmaq?
Bir hüquq müdafiəçisi mənim bu sözlərimi qulaqardına almalı deyildi: vəkil cinayətkarın qohumlarını saxta alibi üçün təhrik edir; yalançı şahid saxta alibi üçün Maksimovun qohumlarından pul alır. Həmin qadın həqiqətən də Azərbaycan Respublikası Prokurorluğuna gətirilib və ondan izahat alınıb. Amma şahid həmin qadını məhkəmədə görəndə MTN və ya DIN əməkdaşlarından yox, həm qadının, həm də özünün ailə üzvlərindən qorxmuşdu. Və mənə cavab verin ki, mən hansı “cinayət əməlini” törətmişəm?
Bundan əlavə, bilmək istərdim ki, cənab Eldar Zeynalov Ermənistanın və Dağıstanın xüsusi düşərgələrində təlim keçən, Azərbycanın sərhəd postuna silahlı basqın edərək adam öldürən və Bakı metrosunda partlayış törətdiklərinə görə cəza çəkən Abuyev Həbib Rzaxan oğlunun, Azayev Eldar Şahismayıl oğlunun, Bakarov Rasim Hacımirzə oğlunun, Qasımov Asul Rasul oğlunun, Səfərəliyev Əlfət Xalid oğlunun, Şeydayev Cəmaləddin Yadulla oğlunun, Şeydayev Elxan Yadullayeviçin, Tağıyev Ikram Seyfulla oğlunun, Kərimov Kamran Sultan oğlunun, Mahsumov Rahib Şaval oğlunun, Şərifov Zakir Nizami oğlunun, Yunusov Sabir Isamuddin oğlunun, Zöhrabov Mazdan Seyfəl oğlunun adları siyasi məhbusların siyahısına necə düşüb?

Mənə 20 min avro rüşvət təklif edildi

Bilmək istərdim ki, AB-nin 2001-ci ildə elan etdiyi 5 kateqoriyadan hansı bu adamlara şamil oluna bilər?
Dustaq aşağıdakı hallarda siyasi məhbus elan edilə bilər, əgər:
a) həbs Avropa Insan Haqları Konvensiyasında təsbit olunan fundamental təminatların, o cümlədən, fikir, vicdan, din, ifadə, informasiya əldə etmə və yayma, yığıncaq və birləşmə azadlıqlarının əldə edilməsi ilə bağlıdırsa;
b) həbs heç bir başqa cinayət təqibini nəzərdə tutmayaraq yalnız siyasi motivlidirsə;
s) siyasi motivli olaraq, cinayəti törətməkdə şübhəli şəxsin həbsinin müddəti və şəraiti proporsional deyilsə;
d) şəxs siyasi motivlərlə cəzaçəkmə yerində başqa dustaqlarla müqayisədə diskriminasiyaya uğrayırsa;
e) həbs hakimiyyətin siyasi motivlərinə uyğun olaraq açıq-aşkar ədalətsiz prosedurların baş verməsi ilə müşayiət olunursa.
Mən uzun-uzadı bu bəndləri araşdırdım, amma cənab Eldar Zeynalovdan fərqli olaraq heç nə tapa bilmədim. Hətta onun təmtəraqlı şəkildə işlənən, binəva məhbusun əzablarını kövrək şəkildə təsvir edən “Ləzgi Rahib”  məqaləsini oxuduqdan sonra heç nə tapmadım. Bağışlayın, “siyasi məhbusun”...
Bəlkə də, bu məsələlər mənim bu qədər diqqətimi cəlb etməzdi, əgər 2004-cü ildə mənə bu məsələyə görə 20 000 avro rüşvət təklif edilməsəydi. Məndən bunun əvəzinə sadə bir şey tələb olunurdu: notarial qaydada imzamla təsdiq etməli idim ki, 1994-cü ildə Bakı metrosunu partladan bu adamlar, o cümlədən Rahib Maksimov tam günahsızdırlar. 
Iş absurda qədər gedib çıxır. Bəzi “vətənpərvərlər” metroda ikinci partlayışa görə həbs edilən Azər Aslanova təklif edirlər ki, istintaqa və məhkəməyə verdiyi ifadələrdən imtina etsin, onların işgəncə yolu ilə alındığını elan etsin. Biz haralara yuvarlanırıq?

Yekə-yekə danışmağı xoşlayan Azərbaycan hökuməti hara baxırdı?

Bəzi hüquq “müdafiəçilərinin” Avropadan aldıqları tranşlar hesabına fəaliyyət göstərməkdə israrlı olmalarını, özlərini demokratiya uğrunda mübariz kimi təqdim etmək istəklərini anlayıram. Amma 2005-ci ildə Rahib Maksimovun kassasiya şikayətinə baxanlara da suallarım var. Bu şikayətə vəkilin iştirakı olmadan necə baxmaq və onu rədd etmək olardı? Axı, bu kateqoriyadan olan hakim əla bilməlidir ki, R.Maksimov xüsusilə ağır cinayətdə ittiham olunaraq cəzalandırılıb. Özlərinin bu düşünülmüş qanunsuz hərəkətləri ilə həmin hakimlər bu işin Strasburq məhkəməsinə çıxarılmasına imkan veriblər, E.Zeynalov da bunu edib. Bu iş indi Avropa Məhkəməsindədir. Mən niyə şübhələnməməliyəm ki, Azərbaycanda həmin işə baxan hakim hansısa pullu piroqdan pay qoparmayıb? Yekə-yekə danışmağı xoşlayan Azərbaycan hökuməti hara baxırdı?
Nəhayət, 1996-cı ildə Ali Məhkəmədə işə baxılan zaman təsdiqini tapan, sadəcə bu vaxta qədər hüquqi qiymətini almayan bir epizoda diqqəti cəlb etmək istəyirəm.
Belə ki, Azərbaycan vətəndaşı Maksimov Rahib 1993-94-cü illərdə Ermənistanın xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edərək, Azərbaycanın ləzgi millətindən olan hərbi qulluqçularının Erməni kəşfiyyatına ilişdirilməsi ilə məşğul olub, pul müqabilində onların düşmən tərəfə keçməsini təmin edib. Orada onlara lazımi təlimatlar verildikdən sonra R.Maksimov həmin casusları öz avtomobilində Azərbaycan ərazisindən keçirərək Dağıstana aparıb, orada da Erməni kəşfiyyatının rezidentləri ilə əlaqələndirib. Rahib Maksimovun əməllərində Vətənə xəyanətin casusluq formasında əlamətləri mövcuddur. Bu cür cinayətlər  “cinayət təqib müddəti”nə malik deyil və Rahib Maksimova münasibətdə də istənilən zaman bu fakt üzrə cinayət işi qaldırıla bilər.
Indi söz Azərbaycan hökumətinindir.