24.09.2011

ABŞ məmurlarla bağlı “qara siyahı” hazırlayır

Azərbaycan hakimiyyətinin nümayəndələrinin Amerikaya səfərlərinə qadağa qoyula bilər
Növbəti ildən Azərbaycan məmurlarının ABŞ-a buraxılmasına qadağa qoyula bilər. Çünki ABŞ prezidenti Barak Obamanın tapşırığı ilə öz xalqlarının hüquqlarını tapdalayan hakimiyyətlərlə bağlı siyahı hazırlanır. Həmin siyahıya avtoritar rejimlərin rəhbərləri və onların məmurlarının adları salınacaq. Azərbaycanlı məmurlardan da bir çoxunun adı bu siyahıya düşə bilər. Adı “qara siyahı”ya salınan məmurlar isə ABŞ-a səfər edə bilməyəcək.
Yeri gəlmişkən, bu günlərdə mətbuatda belə bir məlumat yayılmışdı ki, daxili işlər nazirinin müavini Vilayət Eyvazov ABŞ-a buraxılmayıb. Xəbərdə deyilirdi ki, 2003-cü il 15-16 oktyabr hadisələrinə görə nazir müavininin adı beynəlxalq hesabatlara düşdüyündən ABŞ hökuməti onun ölkəyə buraxılmasına qadağa qoyub. DIN bu xəbəri təkzib etsə də, “Azadlıq”a daxil olan məlumatlarda bildirilir ki, Vilayət Eyvazovun ABŞ səfərinin baş tutmaması barədə iddialar həqiqəti əks etdirir. Məlumatlara görə, Vilayət Eyvazov ABŞ-da keçiriləcək hansısa tədbirdə daxili işlər naziri Ramil Usubovu əvəz etməli imiş. Lakin nazir müavininə ABŞ-a səfər etmək üçün viza verilməyib. Əsas kimi onun adının beynəlxalq hesabatlara “işgəncələr kralı” kimi düşməsidir.


Informasiya şöbəsi