24.09.2011

Heydərova qarşı 10 milyonluq rüşvət ittihamı

Azərbaycanla bağlı növbəti beynəlxalq qalmaqal başlayıb

«Fövqəlnazir» London Olimpiadasında 2 qızıl medal üçün Beynəlxalq Həvəskar Boks Assosiasiyası ilə gizli sövdələşməyə gedib

BBC-nin “Newsnight” teleproqamında Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun Beynəlxalq Həvəskar Boks Assosiasiyasına (ingiliscə AIBA) rüşvət verməsinə dair sensasion məlumat səslənib. Məlumata görə, rüşvət 2012-ci il London Olimpiadasında 2 azərbaycanlı boksçunun World Series Boxing (WSB) seriyası üzrə qızıl medal alması üçün ödənilib.
Olimpiya döyüşlərini təşkil edən AIBA etiraf edir ki, Azərbaycan vətəndaşı yarışlardan birinin fonduna 9 milyon dollar pul ödəyib. Ancaq AIBA arada medal sazişi olduğunu inkar edir.
Boks təşkilatındakı mənbə isə “Newsnight” proqramı ilə əlaqə yaradaraq WSB direktoru Ivan Xodabaxşın ünvanına ittihamlar səsləndirib. Bildirib ki, Xodabaxş yarışların maliyyələşdirilməsi barədə gizli sazişin London Olimpiadasının boks turnirlərinin nəticələrini saxtalaşdırmaq, azərbaycanlı boksçulara qızıl medal təşkil etmək üçün bağlandığını deyib. “Ivan bizim qarşımızda lovğalanırdı ki, WSB-nin pulu barədə narahat olmaq lazım deyil, azərbaycanlı boksçular medal qazanan kimi WSB vəsaiti nağd şəkildə alacaq”, - deyə proqramla əlaqə saxlayan mənbə bildirib.
Başqa bir mənbənin sözlərinə görə, Xodabaxş otağa girib və “Bizim işimiz qaydasındadır, azərbaycanlılar gəldilər. Buna görə onlara medal verməyimiz lazım gələcək” deyib.
“O, London Olimpiadasının qızıl medallarına görə gizli şəkildə milyonlarla dollar ödənilməsindən danışırdı. Medalların bu cür açıq-aşkar satılması şaşırdıcıdır”, - deyə mənbə əlavə edib.
Xodabaxş bu ittihamları rədd edərək deyib ki, Azərbaycanla hər hansı medal müqaviləsi tamamilə yalandır: “Mən kiməsə iki qızıl medal təklif etməyim barədə deyilənləri inkar edirəm və kiminsə belə etdiyi barədə xəbərim yoxdur”.
“Newsnight”ın əlində olan sənədə görə isə, WSB direktoru Xodabaxş, AIBA-nın icraçı direktoru Xo Kim və Azərbaycanın fövqəladə hallar naziri (həm də Azərbaycan Boks Federasiyasının prezidenti) Kəmaləddin Heydərov arasında 10 milyon dollarlıq investisiya müqaviləsi imzalanıb.
Sənədlərin arasında Xodabaxşdan FHN-ə göndərilən elektron məktub da var. Məktubun məzmunu belədir: “Zəhmət olmasa, investisiya vəsaitini mümkün qədər tez ”WSB America”nın hesabına köçürün”.
Mənbələr bildirir ki, azərbaycanlı nazir Heydərov WSB-yə azərbaycanlı investoru təqdim edib. Bu hökumət üzvü və onun köməkçisi tərəflər arasında vasitəçi kimi çıxış ediblər. Investor özü isə ingiliscə pis danışırmış.
Xodabaş “WSB America” üçün pulların Isveçrədə yerləşən investisiya şirkətindən daxil olduğunu deyir. Ancaq WSB və AIBA hüquqşünasları təsdiq ediblər ki, pul Isveçrədəki şirkət vasitəsilə köçürülsə də, əslində Azərbaycana məxsusdur.
AIBA-nın prezidenti Çinq-Kuo Vu “Newsnight” proqramına qatılaraq nəticəsi əvvəlcədən razılaşdırılmış döyüşlər fikrinin ağlasığmaz olduğunu və WSB liqasının tamamilə şəffaf fəaliyyət göstərdiyini bildirib. Bununla yanaşı Çinq-Kuo Vu məsələnin araşdırılacağını da vurğulayıb.
Bu yerdə maraqlı bir məqamı da qeyd etmək yerinə düşər. Sentyabrın 26-da Azərbaycanda boks üzrə dünya çempionatı start götürür. Yarış olimpiya lisenziyalıdır. Bir neçə gün öncə isə AIBA-nın rəsmi saytında boks üzrə Azərbaycan milli komandası haqda yazı dərc olunub. Dünya çempionatında 9 idmançı ilə mübarizə aparacaq yığmamızın liderləri qismində Salman Əlizadə (49 kq) və Teymur Məmmədov (91 kq) göstərilib. Görünür, məhz bu iki idmançının qızıl medal alacağına dair razılaşma əldə edilib.
AIBA rəsmiləri faktın araşdırılacağını və sübutlar aşkarlanacağı təqdirdə adı korrupsiya qalmaqalında çəkilən şəxsin cəzalandırılacağını deyib. Lakin məsələ bununla bitməyə bilər. Azərbaycanın qızıl medallar üçün rüşvət təklif etdiyi sübuta yetirilsə, ölkəmiz ən yaxşı halda olimpiya oyunlarında boks yarışlarından kənarlaşdırıla bilər. Idmançıların bu vaxta qədər aldığı lisenziyalar isə ləğv edilə bilər.
Azərbaycanın adının növbəti korrupsiya qalmaqalında hallanması ildırım sürəti ilə dünya mətbuatına yayılıb. “The Gardian”, “Washington Post” və digər nüfuzlu nəşrlər məlumatı öz səhifələrində dərc edib.
Eyni zamanda Ermənistan mətbuatı xəbəri yaymaqda xüsusi maraq göstərir. Şübhəsiz ki, medala əsas namizəd kimi göstərilən idmançılar Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb olimpiya lisenziyası əldə etsə, korrupsiya qalmaqalı ətrafında söhbət bir qədər də böyüyəcək.
Öz növbəsində Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev ANS-ə açıqlamasında korrupsiya qalmaqalına münasibət bildirərək iddiaları gülünc adlandırıb. O, yalnız çempionatın keçirilməsi üçün Azərbaycanın AIBA-ya iki milyon dollar rüsum köçürdüyünü deyib.

Fizzə