25.09.2011

Vicdan məhbusu zindandan “Azadlıq”a yazdı

«Bizim həbsimiz can vermək ərəfəsində olan adamın vitamin udması qədər mənasızdır; avtoritar rejimin ölümü labüddür»
Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs edilən gənclərdən biri - Ülvü Quliyev “Azadlıq” qəzetinə zindandan məktub yollayıb. Həbs edilərkən YAP-ın üzvü olan Ülvü məhkəmə prosesində bəyan etdi ki, bu partiyadan istefa verərək, Müsavat partiyasına qoşulur.
Ülvü Quliyev məktubunda vicdan məhbuslarıyla bağlı mövzunu diqqətdə saxladığına görə “Azadlıq”ın kollektivinə təşəkkür edib. Gənc fəal məktubunu Azərbaycanda aparılan demokratiya və insan haqlarının müdafiəsi uğrunda mübarizəyə, bu mübarizədə gənclərin roluna həsr edib.
Ərəb ölkələrində başlanan inqilabları “diktatorlar üçün qiyamət gününün başlanğıcı” kimi qiymətləndirən Ülvü yazır ki, Ben Əli, Mübarək, Qəzzafi bu gün varlığını sürdürən diktatorlar üçün kabus, yuxularını ərşə çəkən isimlərə çevrilib: “Bu insanlar əvvəllər diktatura, anti-demokratik rejimlər üçün qibləgah idisə, indi onlar əzab, travma mənbəyidir. Xalqının hüquqlarını tapdayan hər bir diktator Mübarəkə, Qəzzafiyə dəyən şapalağı artıq qulağının dibində hiss edir. Onlar hətta yıxılacaqları günü səbrsizliklə gözləyirlər. Çünki ölüm belə, səksəkə içində yaşamaqdan yaxşı və rahatdır”.
Ülvü Quliyev vurğulayır ki, ərəb inqilabları məzlum xalqlarda özünəinamı bərpa edib, bu sırada Azərbaycan xalqı da var: “Heç bir repressiya tədbirləri öz müqəddəs dəyərləri, azadlıq və firavanlıq uğrunda ayağa qalxan insanları durdura bilməz. Biz vicdan məhbuslarının heç biri indiki durumumuza görə peşman deyilik. Əksinə, qürurluyuq, mətinik. Xalqımızın yolunda bu məhrumiyyətləri yaşamağın şövqü içindəyik. Bizim həbsə atılmağımız ola bilsin ki, anti-demokratik rejimə qələbə kimi görünür. Bu, ”qələbədir”. Bütün can üstündə olan rejimlər öz şərəfsiz bioqrafiyalarını belə “qələbələr”lə zənginləşdirməyi sevirlər. Artıq ölüm ərəfəsində olan insan ən güclü vitaminləri, dərmanları  udanda maddələr mübadiləsi pozulduğundan, bu, ölümü daha da tezləşdirir. Təvazökarlıqdan uzaq olmasın, siyasi məhbuslar da cəmiyyətin vitaminləridir, bizi həbsxanalara doldurmaqla aqoniya keçirən rejim sonunu daha da sürətləndirir”.
Ülvü Quliyev siyasi partiyaların, QHT-lərin, ziyalıların və gənclərin onların müdafiəsi üçün görüyü işləri də yüksək qiymətləndirir. O, bu cür qədirbilənliyin yeni mübarizlər ordusu yaradacağına əmindir: “Insanlar biləndə ki, onun özünü risk altına atması nəzərə alınır, qiymətləndirilir, o zaman daha güclü olur. Biz sizin dəstəyinizi hiss etdikcə daha yenilməz oluruq”.
Vicdan məhbusu gənclərə ayrıca diqqət ayıraraq onları mübarizənin ön sırasında dayanmağa səsləyib: “Azərbaycan gəncliyi onun həyatına qənim kəsilən anti-demokratik rejimin dəyişilməsi, əvəzlənməsi üçün yorulmaz mübarizəyə başlamalıdır. Azərbaycan gənci ləyaqətli, şərəfli həyat sürməyə layiqdır. Onun min bir maddi-mənəvi məhrumiyyətlər içində saxlanılmasına artıq ”yox” deyilməlidir. Azərbaycan gənci özünə sual verməlidir: onu təhsilsiz, işsiz, pulsuz, evsiz və ümidsiz yaşamağa məhkum edənlərə dözmək nə dərəcədə insanlığa yaraşan haldır? Bizi talayanlar, bizdən üstün insanlar deyil. Bizə zülm edənlərin üzərimizdə belə bir haqqı yoxdur. Azərbaycanın sərvətləri bir qrup adamın atasından qalan varidat da deyil. Xoşbəxtliyimiz öz əlimizdədir, dünyanı saran demokratikləşmə hərəkatının ölkəmizdə təntənəsi üçün hər kəs əlini daşın altına qoymalıdır”.