25.09.2011

Davam edir 37...

Azərbaycanda üzə durmağı irs kimi nəsildən nəslə ötürən ailələr varmış...

Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs olunmuş vicdan məhbuslarının bir qisminin işi üzrə Səbail rayon məhkəməsində keçirilən sonuncu məhkəmə iclası barədə “Azadlıq”ın ötən sayında məlumat vermişdik. Eyni zamanda, həmin məhkəmə iclasında diqqət çəkən bir olayın təfərrüatlarını bugünkü sayımızda təqdim edəcəyimizi vəd etmişdik. Beləliklə, vədimizə də əməl edirik.
“2 aprel” məhbuslarına qarşı baş verənlərin repressiya olduğu, ötən əsrin 37-ci il ənənələrinin dirçəldilməsi kimi fikirlər məhkəmədə, mətbuatda səsləndirilib. Cümə günü keçirilən məhkəmə iclasında isə vicdan məhbusu, AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Məcidli bu haqda səslənən fikirləri konkret faktlarla sübut edərək, istintaqı və rejimi ifşa etdi.
M.Məcidli məhkəmə prosesi başlayandan hakimdən onun barəsində mənfi xasiyyətnamə vermiş (2 aprel mitinqilə əlaqədar həbs olunmuş 15 nəfərdən yalnız Məhəmməd Məcidli haqqında yaşayış yerindən mənfi xasiyyətnamə verilib) Cəbrayıl Rayon Icra Hakimiyyəti başçısının Böyük Mərcanlı kənd ərazi vahidi üzrə nümayəndəsi Fəxrəddin Abbasqulu oğlu Niftəliyevin şahid kimi dindirilməsini tələb edirdi. Hakim isə hər dəfə bu haqda vəsatət veriləndə onu baxılmamış saxlayırdı. Sonda isə hakim elan etdi ki, Cəbrayıl rayon icra hakimiyyətindən məhkəməyə məktub göndərilərək, həmin şəxsin işdən uzaqlaşdırıldığı bildirilib. Bu səbəbdən Niftəliyevin şahid kimi prosesə çağırılması mümkün olsa da, bunun üçün iki həftəyə qədər vaxt lazımdır. Belə olan halda, prosesin uzanmaması üçün Məhəmməd Məcidli həmin şəxs barədə ilginc faktlar açıqladı.
Məhəmməd Məcidlinin çıxışından:
“Tarixçiyəm, Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Oradan da mənim şəxsiyyətimlə bağlı müsbət xasiyyətnamə verilib. Baxın, əlimdəki qeydlər akademik Ziya Bünyadovun ”Qırmızı terror” kitabından çıxarışdır. Həmin kitabın 237-ci səhifəsində rəsmi sənədlərlə göstərilib ki, Fəxrəddinin atası, 37-ci ildə babam da daxil olmaqla, 3 nəfər Böyük Mərcanlı kənd sakininin üzünə durmaqla, onların güllələnməsinə baiskar olub. Kəndimizin icra nümayəndəsi Niftəliyevin barəmdə verdiyi xasiyyətnamə ilə o vaxt atasının babama verdiyi xasiyyətnamə eynidir. Bunu müqayisə etməklə göstərəcəyəm.
Bünyadovun kitabından sitat: “Rüstəmov Xanış Rüstəm oğlu, 1892-ci ildə anadan olmuş, qolçomaq, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən, 1930-cu ildə əks-inqilabi fəaliyyətinə görə 3 il müddətinə konslagerə sürgün edilmiş, 1934-cü ildə sürgündən qayıtmışdır. Onun haqqında xasiyyətnamə”.
Bu da Fəxrəddin Niftəliyevin mənə verdiyi xasiyyətnamədən sitatdır: “Xasiyyətnamə. 1973-cü ilin sentyabr ayında Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuş ali təhsilli, AXCP-nin üzvü, subay, Məcidov Məhəmməd Çərkəz oğluna”.
Qayıdaq Bünyadovun kitabına. Sitat: “Xanış Rüstəm oğlu Rüstəmov, 1929-cu ilədək onun maldarlıq təsərrüfatı var idi və o, muzdurları istismar edirdi. Əks-inqilabi Müsavat təşkilatının üzvü idi”.
F.Niftəliyevin yazdığı xasiyyətnamədən sitat: “Məcidov Məhəmməd Çərkəz oğlu AXC partiyasının üzvü kimi həmişə müxalifətdə olmuş, ölkədə gedən siyasi və iqtisadi inkişafa öz prizmasından yanaşaraq, narazı qalmışdır”.
Bünyadovun kitabından sitat: “Xanış Rüstəm oğlu Rüstəmov Mil düzündə üsyançı hərəkatının inkişafına kömək edirdi”.
F.Niftəliyevin yazdığı xasiyyətnamədən sitat: “Müxalifət partiyasının üzvü kimi, o, ölkə qanunlarından və onların həyata keçirilməsindən narazıdır”.
Bünyadovun kitabından sitat: “Xanış Rüstəm oğlu Rüstəmov sürgündən qayıdandan sonra Aşağı Maralyan kəndinin ittihadçıları Hacı Məhərrəm oğlu, Allahverdi və başqaları ilə sıx əlaqə yaratmışdı”.
F.Nifətliyevin yazdığı xasiyyətnamədən sitat: “Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində tikilmiş 4 saylı qəsəbədə qeydiyyatdadır. Qəsəbədə yaşayarkən bir neçə dəfə qəsəbə sakinləri ilə mübahisə edərək narazılıqlar yaratmışdır”.
Bünyadovun kitabından sitat: “Xanış Rüstəm oğlu Rüstəmovun anti-sovet meyli var. 1936-cı ildə kolxozun hesabdarı olduğu vaxt kolxozun tövləsini yandırmaqda ondan şübhələnmişlər. 1936-cı ildə Böyük Mərcanlı kəndində kolxoz yaradılan zaman kolxoz əleyhinə təbliğatla məşğul idi”.
F.Niftəliyevin yazdığı xasiyyətnamədən sitat: “Ölkədə gedən islahatlara müxalif mövqedən yanaşır. Ölkə qanunlarına tabe olmaq istəmir. Azərbaycan Respublikasında icazəsiz keçirilən hər hansı toplantıda iştirak etməyə meyllidir və həmfikirlərini həmin toplantılarda iştirak etməyə çağırır”.

Natiq